Bəxtiyar Vahabzadə - Nağıl həyat Anam olsan belə, ay anam, xeyli, Səndən gileyliyəm, səndən gileyli... Sən duymaq, düşünmək öyrətdin mənə, Duyub-düşünməkdən azad olaydım. Danışmaq öyrətdin sən öz körpənə Nola, mən anadan lal doğulaydım. Dilini bir ilə öyrəndim... nahaq!.. Öz dilim özümə kəsilib yağı. Bütün ömrüm boyu çalışdım, ancaq Öyrənə bilmədim danışmamağı... Başıma bəladır mənim öz dilim, Dənizəm, üzümə durub sahilim. Yerimək öyrətdin tutub əlimdən, Dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən, Gərək öyrədəydin yıxılmamağı... Fikirlər yığılır beynimdə qat-qat, Cavablar qorxulu, suallar-yasaq. Həyatı qanana ögeydir həyat, Onu qanmayana doğmadır ancaq. Məni incidirlər bəzən qəsd ilə, Ertəsi hər şeyi unuduram mən. Girəvə düşəndə zalimə belə Zülm edib, kam almaq gəlmir əlimdən. Ana, quduzlaşır həyat, ilbəil, Dalayır puç olan ümidlərimi. Niyə isti deyil, mehriban deyil Bu amansız həyat qucağın kimi?.. Hardasan, ay ana, bir gəl, mən yenə Bəlalı başımı qoyum dizinə. Mənə nağıl danış, dayansın anlar, Görüm, nağıldakı o qəhrəmanlar Cütbaşlı divləri nə təhər yıxır, Nə təhər gizlənib, tilsimdən çıxır. Bir danış, hardadır, görüm səadət? Bizim yurdumuza o niyə gəlməz? Danış, danış görüm, Məlik Məhəmməd Zülmətdən işığa necə çıxdı bəs? Danışma, ay anam, danışma, kiri, Beynimə batmayır bu əfsanələr. Divlər görmüşəm ki, nağıl divləri, Onların yanında toyuğa bənzər. Nadanlar görmüşəm, öz yolundakı Dikə eniş deyir, düzə dik deyir. Tülkülər görmüşəm, öz qolundakı Dəmir zəncirlərə bilərzik deyir. Atasını söyən, yada baş əyən Rəhbərlər görmuşəm, qəddar, amansız. Tikana gül deyən, gülə kol deyən Qarılar görmüşəm dinsiz, imansız. Quldurlar görmüşəm, özgə yer deyil, Yurdunu talayıb, asudə yatmış. Tacirlər görmüşəm, simuzər deyil, “Malades“ sözünə Vətəni satmış. Dünyanı biləndən, duyandan bəri Mənim gözlərimdən düşüb həyat da. Nağılda gördüyüm qorxunc şeyləri, Həyatda görmüşəm, anam, həyatda.
Hide player controls
Hide resume playing