Ötən gün Bakıda təcili eniş edən Rusiyanın “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi bu gün səhər saatlarında Moskvaya yola düşüb. Bəhreyndən Moskvaya uçan və bomba olması ehtimalına görə Bakıda təcili eniş edən təyyarədəki sərnişinlər və ekipaj üzvləri çevik təxliyyə olunub, zəruri şəraitlə təmin edilib, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət göstərilib. Onlar paytaxtdakı mehmanxanalara yerləşdirilib. Sərnişinlər Bakıda qaldıqları qısa müddətdə azərbaycanlıların qonaqpərvərliyi və isti münasibətini kifayət qədər hiss edə biliblər. Onlar göstərilən diqqətə görə aidiyyatlı qurumlara təşəkkürlərini bildiriblər. Bəziləri hətta gələcəkdə Bakını turist kimi kəşf etmək arzusundadır. Qeyd edək ki, Bəhreyndən Moskva şəhərinə uçan “Ural Hava Yolları“ şirkətinə məxsus “Airbus A321“ təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib. Qəza enişinə səbəb kapitanın hava gəmisində bomba olmasından şübhələnməsi olub. Dövlət Təhlükəsizliyi Xidmətinin verilən məlumata görə, mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə başlanılıb. Prezident İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın rəhbərliyi və məsul şəxslər hava limanına gəliblər. Hüquq mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks antiterror yoxlamaları aparıb, hava gəmisinə baxış keçirib, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli araşdırmalara başlanılıb. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib. Təyyarə bu səhər Moskvaya yola salınıb.
Hide player controls
Hide resume playing