Film Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük demokrat Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmişdir. Filmdə C. Məmmədquluzadənin sağlığında çəkilən kinokadrlar yoxdur. Lakin müəlliflər fotoşəkillər, nadir sənədlər vasitəsilə yazıçının həyat və yaradıcılığından söhbət açmış, ədibin portretini yaratmağa, onun düşüncələrini, həyata baxışını, dövrünün ictimai və siyasi hadisələrinə münasibətini əks etdirməyə çalışmışlar. Kinolentdə C. Məmmədquluzadə ilə bərabər, onun müasirləri olan Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əzim Əzimzadə və digər mollanəsrəddinçilər haqqında da söhbət gedir. Burada ədibin Naxçıvan həyatı, molla məktəbində, Qori seminariyasında oxuması, mənalı həyatının Tiflis dövrü, “Molla Nəsrəddin“ jurnalının yaranması və fəaliyyəti, ədibin Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparması öz əksini tapmışdır.
Hide player controls
Hide resume playing