2006-cı il may ayının 22-də Güney Azərbaycan ərazisində sonradan Xordad, yəni May qiyamı adını almış və milli oyanışın möhtəşəm nümayişinə çevrilmiş kütləvi etirazlar baş verdi. Rəsmi “İran” qəzetində dərc olunmuş təhqiramiz karikaturaya etiraz kimi başlanan mitinq və yürüşlər hakim rejimi əməlli-başlı silkələdi. Doğrudur, rejim əvvəlcə gücünü göstərməyə çalışdı, azərbaycanlıların dinc nümayişlərinə divan tutdu, daha öncə Xuzistanda ərəblərin, Sistan və Bəluçistanda bəluçların hərəkatını ABŞ, İsrail və İngiltərənin ayağına yazdığı kimi, bu hadisələri də dırnaqarası “islam inqilabı düşmənlərinin işi” kimi qələmə verdi. Amma sonra, necə deyərlər, bu hənanın o hənadan olmadığını görüb geri çəkildi, intonasiyasını dəyişdi, qəzet rəhbərliyini və rəssamı cəzalandırıb Azərbaycanın və azərbaycanlıların şəninə təriflər yağdırmağa başladı. Məşhur “Azərbaycan İranın başıdır” deyimi bu dəfə ali rəhbər Əli Xameneyinin , parlamentin o vaxtkı sədri Həddad Adilin dilindən səsləndi. O zaman Məsləhət Şurasının sədri olan Əkbər Haşimi-Rəfsəncani Azərbaycanı «İranın fəxri» adlandırdı. O Azərbaycanı ki, prezidentliyi dövründə farsların yaşadığı Kerman-İsfahan bölgəsinə ondan yüz dəfələrlə artıq sərmayə qoymuşdu. Əslində tarakanı Azərbaycan dilində “nəmənə?” sualı ilə danışdıran rüsvayçı karikatura o zaman baş verən hadisələrin formal səbəbi idi, çünki İranda azərbaycanlıların və türk dilinin təhqir edilməsinin o vaxta qədər azı səksən illik tarixi vardı. Güneyli ziyalılardan birinin: “Xalq bu işə çoxdan hazır idi, karikatura sadəcə barıt anbarına atılmış yanan kibrit çöpü rolunu oynadı” – sözləri həqiqəti əks etdirir. Belə ki, ötən əsrin iyirminci illərindən üzü bəri İranda türk dilinin və azərbaycanlıların təhqir edilməsi davamlı və sistemli şəkildə həyata keçirilmiş və keçirilməkdədir. #İran #Güney_Azərbaycan #Xordad #qiyam #karikatura
Hide player controls
Hide resume playing