İkinci Qarabağ Müharibəsindən sonra bir çox İran rəsmiləri Bakıya səfərlərində torpaqlarının otuz illik erməni işğalından azad edilməsi münasibətilə Azərbaycana təbriklərini çatdırdılar, sanki bu hadisədən məmnun olduqlarını göstərdilər. Lakin tezliklə bunun belə olmadığı üzə çıxdı: məlum oldu ki, İran 44 günlük müharibədə Azərbaycan ordusunun tarixi zəfərinin bölgədə yaratdığı yeni şəraitdən əsla məmnun deyil və baş verən dəyişikliklərlə bağlı ciddi narahatlıq, hətta çaşqınlıq keçirir. Bir neçə ay davam edən bu çaşqınlıqdan sonra İran hakimiyyəti özünün regionla bağlı siyasi xəttini dəqiqləşdirdi və indiyədək üstüörtülü şəkildə yürütdüyü anti-Azərbaycan siyasətini daha şəffaf şəkildə həyata keçirməyə başladı. İkinci Qarabağ Müharibəsinin doğurduğu yeni geosiyasi reallıqda özünü uduzan tərəf kimi görən rəsmi Tehran digər uduzan tərəfi – işğalçı Ermənistanı açıq-aşkar dəstəkləmək və Azərbaycana qarşı gücləndirmək yolunu tutdu. Bununla da İran bölgədə formalaşmış Azərbaycan-Türkiyə tandeminə qarşı İran-Ermənistan ittifaqını yaratmaq strategiyasını izləməyə başladı. Bu strategiya təkcə Ermənistanla əməkdaşlığı bütün sahələrdə, o cümlədən hərbi sferada genişləndirməyi deyil, həm də Qarabağda öz mövcudluğunu qorumuş separatçı tör-töküntülərə gizli-açıq yardımları və onların Azərbaycana qarşı müqavimətini artırmağı ehtiva edir. Başqa sözlə, İran yalnız erməni revanşizmini yox, həm də erməni separatizmini dəstəkləmək siyasətini yürüdür. Bununla da İran hakimiyyəti bir tərəfdən Azərbaycanla Ermənistan arasında sülh bağlanmasına, digər tərəfdən də Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olmağı hədəfləyir. Qeyd olunan iki xəttə paralel olaraq, bilavasitə Azərbaycan əleyhinə total təbliğat müharibəsinin təşkili də İranın izlədiyi strategiyanın tərkib hissəsidir. Bu işdə İranda anti-Azərbaycan təbliğatı üzrə ixtisaslaşmış mərkəzlər və ekspertlərlə yanaşı, bu ölkədə sığınacaq tapmış azərbaycanlı radikal islamçı ünsürlərdən, eləcə də İran ermənilərindən və Ermənistandakı revanşist dairələrin təmsilçilərindən istifadə olunur. Həmin təbliğatla İran rejiminin onilliklər boyu Azərbaycanda formalaşdırdığı “beşinci kolon”un və qurduğu casus şəbəkəsinin fəaliyyətinin sinxronlaşdırılması yolu ilə ölkədə sabitliyin pozulması, son nəticədə Azərbaycanda vilayətçi və zühurçu ideologiyanın hakim mövqeyə yiyələnməsi hədəfi güdülür. #İran #Azərbaycan #Ermənistan #Suriya #Ukrayna #ssenari
Hide player controls
Hide resume playing